Strateji Yol Xəritəsinin prioritetlərindən biri: Dənli və dənli paxlalıların inkişafı

  • A
  • A+
  • A-
  • Namiq Şalbuzov, Rəşad Hüseynov

    İqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzov

    İqtisad üzrə fəlsəfə doktoru Rəşad Hüseynov

     

     

    1. Giriş

    Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft sektorunun əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir.

    Məhz bununla əlaqədar olaraq, ölkədə həyata keçirilən iqtisadi islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmiş, milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələri hazırlanmışdır. Ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru iqtisadiyyatın əsas sektorlarından biri kimi nəzərdə tutulmuşdur.

    Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Strateji Yol Xəritəsinin 2016-2020-ci illər ərzində həyata keçirilməsi hesabına ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması nəzərdə tutulur.

    Strateji Yol Xəritəsində xüsusi diqqət cəlb edən məqamlardan biri kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə gücləndirilməsi, ixrac yönümlü məhsul istehsalının artırılması və idxalın əsasən daxili istehsalla əvəz edilməsindən ibarətdir. Bu baxımdan bitkiçilik məhsulları istehsalı üzrə gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, resursların daha səmərəli bölüşdürülməsi, yerli istehsalın rəqabətqabiliyyətinin təmin edilməsi məsələləri diqqət mərkəzində saxlanılmalıdır. Fikirimizcə, ilk növbədə bitkiçilik məhsulları istehsalının maksimum səmərəli təşkilinə prioritetlik verilməlidir. Bunun üçün regionların ixtisaslaşmasının torpaq resurslarından daha səmərəli istifadə və istehsalın səmərəliliyinin maksimallaşdırılması prinsipləri üzrə aparılması məqsədəuyğundur.

    Qeyd olunanları nəzərə alaraq bu istiqamətdə araşdırmaların aparılması zəruridir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi rol oynadığı üçün dənli və dənli paxlalıların istehsalının təşkili məsələlərinin ilkin tədqiqi aparılmışdır. Bu məqsədlə, əsasən Dövlət Statistika Komitəsinin 2011-2015-ci illəri əhatə edən dövr üzrə məlumatlarından, Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatlarından istifadə edərək regional səviyyədə məhsuldarlıq göstəriciləri, torpaq resursları və digər amillər üzrə təhlillər aparılaraq dənli və dənli paxlalıların rayonlar üzrə ixtisaslaşdırılması üçün ilkin istiqamətlərin müəyyənləşdirilməsi hədəf kimi qarşıya qoyulmuşdur.

     


    Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in meneceri Nicat Hacızadə

    Dünya Bankı tərəfində hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv