Azərbaycanda maliyyə sabitliyi: çağırışlar və perspektivlər

  • A
  • A+
  • A-
  • Ayaz Çaparlı

    İİTKM-in eksperti

    Azərbaycanda 20 ildir davam edən maliyyə sabitliyi neftin qiymətinin kəskin düşməsi və əsas ticarət tərəfdaşı ölkələrinin valyutalarında davam edən ucuzlaşmaya 2015-ci ilin dekabr ayında Mərkəzi Bank tərəfindən tənzimlənən üzən məzənə rejiminə keçidlə reaksiya verdi. Yeni rejimə keçiddən sonra manatın tarazlıq nöqtəsinə can atması fonunda dövlətin uğurlu maliyyə siyasəti nəticəsində bu ilin ikinci rübündən başlayaraq maliyyə bazarlarında sabitlik bərqərar edilmişdir. Müqayisə üçün qeyd edək ki, nə Rusiya, nə də Qazaxıstanda üzən valyuta rejiminə keçiddən sonra belə qısa müddətdə maliyyə bazarlarının hərarətini aşağı salmaq mümkün olmamışdır. Yalnız fiskal gərilmə və monetar dəstək tədbirləri nəticəsində Mərkəzi Bankın strateji valyuta ehtiyatlarının əriməsi prosesi dayandırılmış, hətta cari ilin II rübündə ehtiyatlar təvazökar artıma məruz qalmışdır. Cari ilin birinci rübündə valyutamızın zəifləməsi, sonrakı rübdə sabitləşmə ilə əvəz olunmuşdur. Monetar siyasət əsas hədəflərinə çatıb manatın məzənnəsini və inflyasiyanı tam kontrola götürsə də, dünya bazarlarında əlverişsiz şəraitin də təsiri real sektora və banklara təsirsiz ötüşməmişdir. «Standard &Poor’s» (S&P) agentliyi tərəfindən Azərbaycanın kredit reytinqi «BBB-»-dən «BB+»-a endirilmişdir. Bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən müxtəlif kommersiya baklarının reytinqi aşağı salınmışdır.

    2016-cı ilin ilk rübündə Mərkəzi Bank tərəfindən ardıcıl olaraq iki dəfə uçot faiz dərəcəsi qaldırılmış və cari ilin mart ayında 7%, likvidlik əməliyyatları üzrə isə faiz dəhlizinin aşağı həddi 2%, yuxarı həddi isə 17% səviyyəsində müəyyən edilmişdir. Mərkəzi Bankın transmissiya kanallarından istifadəsi ilə yanaşı, ötən ildən

      başlayaraq hökumət tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilmiş və qiymətlərin süni bahalaşdırılmasına qarşı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında əməkdaşlığa start verilmişdir.

    Manata inamı möhkəmləndirmək və rəsmi strateji ehtiyatların qorunmasını təmin etmək məqsədilə cari ilin 7-11  yanvar tarixlərində Mərkəzi Bank tərəfindən aşağıdakı tədbirlər görülmüşdür:

     

     

     

    • Valyuta mübadilə şöbələrinin bağlanması;
    • Bir müştəriyə 500 ABŞ dolların ekvivalentində məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılması;
    • Valyuta dəhlizinin 2%-dən 4%-ə qədər artırılması və bu əməliyyatlar üzrə nəzarətinin gücləndirilməsi.

    Mərkəzi Bankın məlumatına əsasən 2016-cı ilin birinci rübü ərzində kommersiya bankları tərəfindən satılan xalis nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 79 mln. ABŞ dolları, avro ilə əməliyyatlar isə 3,5 dəfə azalaraq 69 mln. avro təşkil etmişdir.

    Manat məzənnəsinin sabitliyini təmin etmək məqsədilə Mərkəzi Bank tərəfindən 2015-ci ildə tətbiq edilmiş pul bazasının azaldılması siyasəti tendensiyası 2016-cı ildə də müşahidə olunmuşdur. Bunun əsas səbəbi müxbir hesabların azalmasıdır. Bundan əlavə, birbaşa valyuta bazarlarına müdaxilələr cari ildə də davam etdirilmişdir.

    Kommersiya banklarının xarici valyuta üzrə likvidlik tələblərinin qarşılanması və maliyyə sistemində sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bir sıra valyuta hərracları keçirilmiş və kommersiya banklarının valyuta tələbləri təmin olunmuşdur. Həmçinin, cari ilin yanvar ayında Azərbaycan Respublikasının Dövlət Neft Fondu da valyuta satışını bərpa etmişdir.

    Həmin valyuta satışı Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə həyata keçirilmişdir. Cari ildə ölkədə fəaliyyət göstərən bütün banklara həmin fürsətdən yararlanma imkanı yaradılmışdır. Belə ki, cari ilin birinci rübü ərzində kommersiya banklarına valyuta satışı 1253 mln. ABŞ dolları təşkil etmişdir. Kommersiya banklarının xarici öhdəlikləri üzrə 2015-ci ildə müşahidə olunmuş azalma tendensiyası cari ilin birinci rübü ərzində də davam etmiş və 01.04.2016-cı il tarixinə 7435 mln. təşkil etmişdir.

    Mərkəzi Bankın 4 Mart 2016-ci il tarixli qərarı ilə uçot dərəcəsinin 5%-dən 7%-ə artırılması inflyasiya gözləntisinə və dayanıqlı qiymət sabitliyinə müsbət təsir göstərmişdir və inflyasiya artımı məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumata əsasən 2016-ci ilin birinci rübü ərzində orta illik inflyasiya 10.8% təşkil etmişdir. İstehlak qiymətləri indeksinin isə əsas artımı ötən ilin dekabr və cari ilin yanvar aylarında müşahidə olunmuşdur.

    Hökumət tərəfindən aşağıda göstərilmiş tədbirlərin tətbiqi qiymətlərin artım tempinin saxlanılmasına yardım etmişdir:

     

    • Tarif Şurası tərəfindən əmtəə (dövlət qeydiyyatına alınmış dərman vasitələri, elektrik enerjisi, yanacaq və s.) bazarlarında tətbiq edilən qiymətlərin əsasən sabit saxlanılması,
    • Buğdanın idxalı və satışının, buğda ununun və çörəyi istehsalı və satışının ƏDV-dən azad edilməsi.

    Azərbaycanın real effektiv məzənnəsinin (REM) əsas ticarət tərəfdaşları ilə qısamüddətli dövr ərzində müqayisəli təhlili göstərir ki, Rusiya və Qazaxıstan bazarında müşahidə edilən dəyişmə dinamikası Azərbaycan bazarında əhəmiyyətli şəkildə ozünü göstərməmişdir. Qrafikdə görstərildiyi kimi, Azərbaycan üzrə REM volatilliyinin ötən il ərzində əsasən sabit saxlanılmışdır.

    Cari ilin birinci rübü ərzində nominal və real effektiv məzənnələr üzrə azalma tendensiyası davam etmiş və 1 aprel 2016-cı il tarixinə real effektiv məzənnə 88,9 səviyyədə olmuşdur. Qeyri-neft sektoru üzrə isə real effektiv məzənnə 18,9% ucuzlaşmışdır. Milli valyutanın devalvasiyası nəticəsində ölkəmizin ixracat rəqabətliyi və turistlərin cəlb edilməsi potensialı artmışdır. Belə ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə Yaxın Şərqin bir sıra ölkələrindən turist qismində Azərbaycana ziyarət edən insanların sayı iki dəfə artmışdır.

    Bazarda orta və uzun müddətli likvidliyin azalması məzənnə, inflyasiya və qiymət sabitliyinə müsbət təsir göstərsə də, kommersiya bankları üçün likvidlik problemləri ilə nəticələnmişir. Bu da öz növbəsində sahibkarların maliyyə resurslarına çıxış imkanlarını məhdudlaşdırmışdır.

    Manata və bütövlükdə bank sektoruna inamın artırılması məqsədilə 2016-cı ilin fevralın 1-dən etibarən üç il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad edilmişdir. Xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% səviyyəsində müəyyən edilmişdir. Milli valyutada isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi qaldırılmışdır. Bu növ tədbirlər xarici valyutada depozitlərin azalmasını, manatla depozitlərin isə artımını stimullaşdırmaq məqsədilə qəbul olunmuşdur.

    Bundan əlavə, Mərkəzi Bank banklar tərəfindən xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat normasını 0,5%-dən 1%-ə yüksəltmiş, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normasını isə 0,5%-dən 0%-ə endirmişdir. Həmçinin qısamüddətli likvidliyin artırılması məqsədilə faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması repo/əks-repo əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadılmışdır. Lakin 2016-cı ilin birinci rübü ərzində hər hansı repo/əks-repo əməliyyatı həyata keçirilməmişdir.

    Cari ilin fevral ayında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi yaradılmışdır. Yeni təsis olunmuş qurum meqarequlyatordur və hazırkı maliyyə bazarlarındakı çağırışları daha da səmərəli və çevik cavablandıra bilər. Bundan əlavə, bank sektorunun sabitliyinin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən konsolidasiya prosesində növbəti addımlar atılmış və hazırda ölkəmizdə 37 bank fəaliyyət göstərir.

    Azərbaycanda maliyyə sektorunda aparılan iqtisadi islahatların həm cari, həm də orta və uzunmüddətli dönəmdə səmərələrini görmək mümkün olacaq. Xüsusilə, manatın və qiymətlərin sabitliyi fonunda iqtisadi canlandırılmanın bank sektoru vasitəsilə həyata keçirilməsi siyasəti uğur qazanacaqdır. Sürətli iqtisadi islahatlar və yaxşı infrastruktur davamlı iqtisadi inkişaf üçün zəmindir.

     

     

    Ayaz Çaparlı,

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti


    Azexportun Amazona qoşulması

    Azexport portalının rəhbəri Zaur Qardaşov

    Rəqəmsal Ticarət Qovşağı ilə bağlı xarici tanınmışların rəy və proqnozları

    Video arxiv