• Onlayn müraciət
  • “Dövlət Qulluğu” haqqında Qanuna edilən dəyişiklik nə vəd edir?

  • A
  • A+
  • A-
  • IITKM

    1 iyun 2016-cı il tarixdə Milli Məclis tərəfindən “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikasının Qanuna edilən dəyişiklik ölkəmizdə dövlət qulluğuna qəbul qaydaları da daxil olmaqla bir sıra yeniliklər gətirmişdir. Dəyişikliyin əsas məqamlarının nədən ibarət olması və yeni qaydaların mövcud mexanizmdən nə ilə fərqlənəcəyini qısa olaraq belə şərh etmək olar.


    Yeni Qanuna əsasən dövlət qulluğuna qəbul əvvəldə olduğu kimi test imtahanı və müsahibədən ibarət müsabiqə əsasında aparılır. Artıq test imtahanı mərhələsi cari ilin 11 aprel tarixində yaradılmış Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi (bundan sonra Dövlət İmtahan Mərkəzi) tərəfindən, müsahibə mərhələsi isə vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı tərəfindən təşkil ediləcəkdir. Test imtahanları ödənişli olacaqdır və ayda bir dəfədən az olmayaraq keçiriləcəkdir. Ödənişin məbləği Qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir.


    Test imtahanından keçən namizədlərə imtahan verdiyi inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun Dövlət İmtahan Mərkəzi tərəfindən 5 il qüvvədə olacaq sertifikat veriləcəkdir. Bu sertifikatla şəxs 5 il müddətində sertifikatın əhatə etdiyi təsnifata uyğun olan vəzifələrə müraciət etmək və birbaşa müsahibədə iştirak etmək hüququ əldə edir. Nümunə üçün bu il 5-ci təsnifat vəzifə üzrə (hər hansı bir mərkəzi icra hakimiyyəti orqanının/nazirlik/komitə/və sair dövlət orqanları – mütəxəssisləri və s.) imtahandan sertifikat alan şəxs 2019-cu ildə də bu təsnifata uyğun olan hər hansı dövlət orqanına elan edilmiş vakant yer üçün müraciət edə və birbaşa müsahibədə iştirak edə bilər. Yuxarı və aşağı təsnifatlar və ya yardımçı vəzifələr üçün uyğun olaraq əlavə, fərqli sertifikat imtahanları verilməlidir. Nümunə üçün nazirlikdə məsləhətçi vəzifəsinə uyğun sertifikatı olan şəxs şöbə müdirinin müavini və ya daha yuxarı vəzifəyə uyğun təsnifata keçmək üçün yeni sertifikat imtahanı verməlidir. Bu Qanuna uyğun olaraq şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Yəni aşağı təsnifat vəzifədə işləyirsə və ya dövlət qulluğunda olmazsa belə şəxs müxtəlif vəzifələr üçün sertifikatlar ala və 5 il müddət üçün qüvvədə olmasından istifadə edə bilər.
    Vakant yerlərlə bağlı müsahibə mərhələsinin təşkili, elan edilməsi, sənədlərin qəbulu və keçirilməsi ilə bağlı məsələlər vəzifənin elan edən dövlət orqanı tərəfindən həyata keçirilir. Namizədlər artıq mütəmadi müraciət etmək istədikləri dövlət orqanlarının internet səhifələrini, kütləvi informasiya vasitələrini izləməli və elanlara uyğun müsahibədə iştirak etməlidir.
    Müsahibə vakant vəzifənin aid olduğu dövlət orqanı tərəfindən yaradılmış müsahibə komissiyası tərəfindən həyata keçiriləcəkdir. Bu komissiyanın tərkibi 2 nəfər Dövlət İmtahan Komissiyasının nümayəndəsi olmaqla 5 nəfərdən ibarət tərkibdə olmalıdır. Müsahibə komissiyasının tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları da Qanun qəbul edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir.
    Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi, sonra 3 ay müddətinə dövlət qulluğuna sınaq müddətinə qəbul edir. Bu sınaq müddətindən sonra şəxsin fəaliyyəti uyğun hesab edilərsə daimi dövlət qulluğuna qəbul edilir.


    Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində yalnız həmin dövlət orqanında uyğun vakant vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilir. Şəxs bir dövlət orqanında ehtiyat kadr olaraq digər dövlət orqanlarında vakant yerlər üçün müraciət edə bilər. Bu halda onun hər hansı bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması heç bir üstünlük təmin etmir.


    Daimi dövlət qulluğuna qəbul edildikdən sonra belə sertifikat müddəti bitdikdə yəni 5 ildən sonra dövlət qulluqçusu fəaliyyətini davam etdirmək üçün təkrar Dövlət İmtahan Komissiyasından müvafiq sertifikat almalıdır. Dövlət qulluğuna qəbul edildikən sonra iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir.
    Qanuna edilən əhəmiyyətli dəyişikliklərdən biridə dövlət qulluqçularının attestasiyasının ləğv edilməsidir. Belə ki, qüvvədə olan sertifikatın mövcudluğu artıq dövlət qulluqçusunun alternativ qiymətləndirilməsini təmin edir.


    Nəzərə alınmalıdır ki, bu Qanunun müddəaları bu Qanun qüvvəyə minənədək dövlət qulluğunda çalışan şəxslərə şamil edilmir.


    AzTv - İİTKM və Microsoft arasında imzalanan əməkdaşlığa dair memorandum barədə reportaj

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Azərbaycanda qadın sahibkarlığına dəstək məqsədi ilə xüsusi qadın biznes inkubatorları yaradılacaq

    İİTKM-in eksperti Ramil Hüseyn

    Video arxiv