• Onlayn müraciət
  • İqtisadi Amnistiya sahibkarlar üçün yeni imkanlar açacaq

  • A
  • A+
  • A-
  • IITKM

    “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 230-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 20 may 2016-cı il tarixdə Sərəncam imzalamışdır.  Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminallaşdırılması ilə   əlaqədar  təhlillər   aparılmış  və   müvafiq   qanun   layihəsi   hazırlanaraq   qəbul edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 1999-cu ildə qəbul edilmiş və onun  qəbulundan   artıq  16   il  keçmişdir.   Bu   müddət   ərzində   Azərbaycan iqtisadiyyatının inkişafı və baş verən digər iqtisadi proseslər nəticəsində dövriyyədə olan   məhsulların,   xidmətlərin   dəyəri   və   insanların   gəlirləri   bir   neçə   dəfə artmışdır. Lakin buna baxmayaraq məsuliyyətin yaranmasına səbəb olan məbləğlər bu dövr ərzində Cinayət Məcəlləsində artırılmamışdır.

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə 20-dən artıq maddədə cinayət məsuliyyətin yaranması üçün əsas hesab edilən məbləğlərin miqdarı əhəmiyyətli dərəcədə artırılmış və bununla bu hüquqpozmalara görə cinayət məsuliyyəti aradan qaldırılmışdır. Belə ki, mövcud Məcəllədə qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə, əmtəə nişanlarından qanunsuz istifadə etmə, bilə-bilə yalan reklam etmə, qəsdən müflisləşmə və digər hüquqpozmalar üçün cinayət məsuliyyəti bu əməllər nəticəsində vurulmuş ziyanın miqdarı min manatdan artıq məbləğdə olduqda yaranırdı. Bu isə bəzi hallarda böyük ictimai təhlükə törətməyən belə əməllərə görə iqtisadi fəaliyyət subyektlərinin, iş adamlarının cinayət məsuliyyətinə cəlb edilməsinə, bəzən neqativ hallarla üzləşməsinə səbəb olurdu.

    Yeni dəyişikliklərə əsasən isə bu məbləğ əhəmiyyətli artırılaraq iyirmi min manat müəyyən edilmişdir. Eyni qaydada bu əməllərlə bağlı daha ağır sanksiyaların nəzərdə tutulduğu külli miqdarla bağlı hədlərdə artırılmış və bu halda yüz min manatdan artıq məbləğ müəyyən edilmişdir. Vergi ödəməkdən yayınma və gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı maddələrdə də eyni yanaşma əsas götürülmüş xeyli miqdarda bu ödənişlərdən yayınma üçün mövcud məbləğlər iki min manatdan artırılaraq iyirmi min manatdan artıq məbləğ, külli miqdar üçün isə yüz min manatdan artıq olan məbləğ müəyyən edilmişdir. Praktikada bu yeniliyin tətbiqi o deməkdir ki, əgər bu Qanundan əvvəl sahibkar iki min manatdan yuxarı məbləğdə vergiləri və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayındığı təqdirdə o cinayət məsuliyyətinə cəlb edilirdisə, artıq onun barəsində cinayət təqibi tədbirləri 20 min manatdan artıq məbləğdə yayınma baş verdikdə başlayacaqdır. Bu isə iqtisadi sahədə olan cinayətlərlə bağlı məsuliyyətin ümumi olaraq yüngülləşdirilməsi və bu Qanunda olan konkret maddələr və halların isə dekriminallaşdırılması deməkdir. Bu dəyişikliklərlə Məcəllədə müəyyən edilən qanunsuz sahibkarlıq və ya yalançı sahibkarlıq əməlini ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən tam azad olunması barədə yeni müddəa əlavə edilmişdir.

    Ümumən də xarici ölkələrində cinayət qanunvericiliklərində oxşar maddələr üzrə məsuliyyət yaradan maddələrin müqayisəli təhlili göstərir ki, bu məbləğlər yüksək müəyyən edilmişdir. Müqayisədə bu məbləğin az hesab edildiyi qonşu Rusiyada vergidən yayınmaya görə məsuliyyət təqribən 35-40 min ətrafındadır.

    Təbii ki, bu dəyişikliklər ümumi olaraq bu hüquqpozmalara yol vermiş şəxsləri tamamilə məsuliyyətdən azad etmir və bu əməllərə görə inzibati xətalar məcəlləsi ilə müəyyən edilmiş məsuliyyət tətbiq ediləcəkdir. Milli Məclis həmçinin İnzibati Xətalar Məcəlləsinə bununla bağlı təklif edilən müvafiq dəyişikliklərə də baxmış və qəbul edilmişdir.

    Cinayət məsuliyyəti yaradan məbləğlərin artırılması müvafiq olaraq bu maddələrdə sanksiyaların dəyişdirilməsi və uyğunlaşdırılmasını da təmin etmişdir. Belə ki, sanksiyalarda artıq konkret məbləğlər deyil vurulmuş ziyanın müvafiq mislinə uyğun cərimələr müəyyən edilmişdir. Xeyli miqdarlarla bağlı ziyanın 2-4 misli, külli miqdarda olduqda isə 3-5 misli məbləğində cərimələr müəyyən edilir. Bu da özlüyündə vurulmuş ziyanla sanksiya arasında olan uyğunsuzluğu aradan qaldıracaq və sanksiyaların çəkindirici təsirini işə salacaqdır.

    Bu Qanun 2016-cı il 1 iyundan qüvvəyə minir və bu Qanunun qüvvəyə minməsi ilə hazırda bu maddələr üzrə barələrində cinayət işlərinin istintaqı gedən şəxslər və məhkum edilmiş şəxslər məsuliyyətdən azad ediləcəklər.


    AzTv - İİTKM və Microsoft arasında imzalanan əməkdaşlığa dair memorandum barədə reportaj

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Azərbaycanda qadın sahibkarlığına dəstək məqsədi ilə xüsusi qadın biznes inkubatorları yaradılacaq

    İİTKM-in eksperti Ramil Hüseyn

    Video arxiv