Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının strateji sektoru kimi

  • A
  • A+
  • A-
  • Ramil Hüseyn

    İİTKM-in eksperti

    Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində,  xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Məhz dünya enerji bazarında yaşanan proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsiri nəticəsində  iqtisadiyyatın digər sektorlarında işini itirən insanların bir hissəsinin yenidən kənd təsərrüfatına üz tutmaları da deyilənlərin bariz nümunəsidir. Hazırda respublikamızda kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir. Bəs qısa və orta müddətli dövrdə kənd təsərrüfatı Azərbaycanın inkişafı üçün hansı rolu oynaya bilər? Azərbaycanın rəqabətqabliyyətli kənd təsərrüfatı sektoru formalaşdırmaq potensialı varmı?

     

    Kənd təsərrüfatı istehsalının mövcud vəziyyəti

    Öncədən onu qeyd edək ki, 2014-cü ildə respublikamızda ÜDM-də kənd təsərrüfatının payı 5.3% olduğu halda, 2015-ci ildə bu rəqəmin 6.2% təşkil etmişdir. 2015-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5635,3 milyon manat olmuşdur. 2015-ci ildə 2999,0 min tona taxıl istehsal olunmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz çoxdur. Həmçinin 2015-ci ildə sahələrdən 839,8 min ton və ya əvvəlki ilə nisbətən 2,5 faiz çox kartof, 1273,3 min ton və ya 7,2 faiz çox tərəvəz, 484,5 min ton və ya 9,9 faiz çox bostan məhsulları, 886,3 min ton və ya 4,2 faiz çox meyvə və giləmeyvə, 578,9 ton və ya 22,1 faiz çox yaşıl çay yarpağı, 157,0 min ton və ya 6,3 faiz çox üzüm yığılmışdır.

    2015-ci il ərzində ölkədə diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd, 17,0 min ton yun və 1538,6 milyon ədəd yumurta istehsal edilmişdir. 2014-cü illə müqayisədə 2015-ci ildə ət istehsalı 2,0 faiz, süd istehsalı 3,7 faiz, yun istehsalı isə 1,4 faiz artmışdır.

    Müstəqillik illərində kənd təsərrüfatının inkişafına nəzər saldıqda 1992-1995-ci illərdə kənd təsərrüfatında ümumi məhsul istehsalı hər il orta hesabla 12 faiz aşağı düşdüyü halda, 1996-cı ildən başlayaraq (1997-ci və 2014-cü illər istisna olmaqla) davamlı olaraq artmışdır və 2015-ci ildə artım 6,6% təşkil etmişdir. 2015-ci ildə heyvandarlıq məhsulları üzrə artım 2,5 faiz, bitkiçilik məhsulları üzrə isə 11,3 faiz olmuşdur. Hazırda respublikamızda heyvandarlığın intensiv inkişafında əsas problemlərdən biri isə yem bazasının zəif olmasıdır. İdxal hesabına heyvandarlığın yem təminatının yaxşılaşdırılması isə sahənin rentabelliyinə ciddi təsir göstərir. Məsələn, son vaxtlar quşçuluq sektorunda yaşanan problemlər buna bariz nümunədir. Onu da qeyd edək ki, son illər heyvan yemi qlobal ixracda yüksək sürətlə inkişaf edən komponentlərdən biri olduğu aydınlaşır. Dünya üzrə yemə tələbatın artması Azərbaycanın da bu sahənin inkişafı ilə bağlı daha çevik siyasət həyata keçirmək zərurəti yaranmışdır.

    Ümumilikdə götürdükdə isə Azərbaycanın kənd təsərrüfatındakı artımın davamlı olacağını söyləmək mümkündür. 2016-cı ilin 6 ayının rəqəmləri də göstərir ki, respublikada ÜDM-in azalması fonunda, kənd təsərrüfatında 3,1 faiz artım qeydə alınmışdır. Bu müddətdə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2500.9 milyon manat olmuş və istehsal edilən kənd təsərrüfatının məhsulunun 57,4 faizi heyvandarlıq sahəsinin, 42,6 faizi isə bitkiçilik sahəsinin payına düşmüşdür.

     

    Kənd təsərrüfatı məhsullarının ixracı

        Kənd təsərrüfatı məhsullarının ixracına gəlincə isə meyvə-tərəvəz məhsulları ixracı 2015-ci ildə 312 milyon ABŞ dolları olmuşdur. 2016-cı ilin yanvar-iyun aylarında 190,2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 33,5 faiz artmışdır.

    Cədvəl 1. Kənd təsərrüfatı məhsullarının ixracı

    Mənbə: Dövlət Gömrük Komitəsi

    Göründüyü kimi meyvə-tərəvəzin ixracında artım müşahidə edilir və buna paralel olaraq bu sahənin ixracın strukturunda payı artır. Belə ki, 2014-cü ilin 6 ayı ərzində meyvə tərəvəzin ixracda payı 1.1 faiz, 2015-ci ilin 6 ayı ərzində 2.0 faiz idisə, 2016-cı ilin analoji dövründə bu göstərici 4.4 faizə qalxmışdır.

    Buradan da açıq şəkildə görünür ki, kənd təsərrüfatı həm ölkəyə valyuta gəlməsində, həm də ölkədən valyuta çıxmamasında rol oynayır. Yəni kənd təsərrüfatı idxalı yerli istehsalla əvəzləməklə ölkənin inkişafı baxımından əvəzsiz rol oynayır.

     

    Kənd təsərrüfatının rəqabətqabililiyyətinin artırılması zərurəti

    Dünya Bankının ölkəmizlə bağlı verdiyi proqnozlara görə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017 və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Dünya Bankının və digər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının rəqabətqabliliyyətinin artırılmasının ölkənin davamlı inkişafı üçün çox vacib olduğu vurğulanır. Kənd təsərrüfatının əlavə dəyəri daha yüksək olan məhsulların istehsalına və daha iri kommersiyalaşmaya keçməsinin zəruriliyini göstərir. Sevindirici haldır ki, bu istiqamətdə də müəyyən addımlar atılır. Artıq respublikanın 19 rayonunda 40 min hektardan çox sahədə 30 iri fermer təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda isə 120 sentnerədək təşkil edir. Onun üçün də qarşıdakı illərdə buğda idxalının bir hissəsinin yerli istehsalla əvəzlənəcəyi proqnozlaşdırılır. 2016-cı ilin 6 ayında buğda idxalındakı 31.15 faizlik azalma bu proqnozların doğrulacağına ümid yaradır.

    Qeyd edək ki, əslində respublikamızda taxıl istehsalının ənənələri var. Məsələn, 1909-13 illərin məlumatına görə, Azərbaycanda adambaşına taxıl istehsalının həcmi dünya üzrə müvafiq göstəricidən (233 kq) 2,5 dəfə, həmin dövrdə inkişaf etmiş ölkələr sayılan Almaniya, Fransa, İsveç kimi ölkələrin göstəricilərindən (455 kq) 1,3 dəfə yüksək olmuşdu. Hazırda da bu ənənələri bərpa etmək və sahədə intensiv inkişafa nail olmaq lazımdır. Bu zaman ilk növbədə toxumçuluqla bağlı problemlər həllini tapmalıdır. Hazırda məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədilə Dövlət Toxum Fondunun yaradılması da müsbət addım kimi qeyd edilə bilər.

    Nəzərə almalıyıq ki, müasir dövrdə kənd təsərrüfatının sürətlə intensivləşməsi müşahidə olunur. Son 40 il ərzində dünya üzrə əkin sahələri təqribən 9% artdığı halda, bitkiçilik məhsulları istehsalının həcmi 2,3 dəfə artmışdır. Qarşıdakı müddətdə Azərbaycanda da aqrar sahədə məhsul istehsalının artımı əkin sahələrinin və ya heyvanların baş sayının artırılması hesabına deyil, əsasən intensiv faktorlar, yəni, məhsuldarlığın artırılması hesabına olarsa bu həm idxalın əvəzlənməsində, həm də ixracın artmasında ciddi dönüşə səbəb ola bilər.

     

    İdxalın yerli istehsalla əvəzlənməsi: nailiyyətlər və problemlər

    Aqrar islahatlardan sonra Azərbaycanda bəzi məhsullar üzrə məhsuldarlığın artırılması və idxalın yerli istehsalla əvəzlənməsi sahəsində müsbət təcrübə qazanılmışdır. Bu istiqamətdə ən mühüm nailiyyət kartofçuluqda əldə edilmişdir. SSRİ dövründə kartofçuluq respublikada zəif inkişaf etmiş kənd təsərrüfatı sahələrindən biri idi və əhalinin bu məhsula olan tələbatı əsasən Belorusiyadan, Baltikyanı respublikalardan və Rusiyadan gətirilən məhsul hesabına ödənilirdi. Müstəqilliyin ilk illərində ölkənin kartofa olan tələbatının ödənilməsində idxal böyük paya  malik idisə, hazırda hər il 50 min tondan çox faraş kartof ixrac edirik.

    Şəkil 1. Kartof istehsalının dinamikası (min ton)

    Statistik məlumatlara görə, 1990-cı ildə ölkədə 185.2 min ton kartof istehsal edilirdisə, 2015-ci ildə bu 839,8 min tona çatmışdır. Onu da qeyd edək ki, kartof istehsalındakı artım tək sahələrin genişlənməsi hesabına deyil, həm də məhsuldarlıqda artıma nail olunması nəticəsində gerçəkləşmişdir. Belə ki, 1990-cı ildə kartofun 1 hektardan məhsuldarlığı 78 sentner olduğu halda 2014-cü ildə 152 sentnerə çatmışdır. Bu sahədə hələ də məhsuldarlığı artırma imkanları çoxdur.

    Qeyd edək ki, FAO-nun 2014-cü ilə olan məlumatlarının təhlili göstərir ki, dünyanın bir çox ölkəsində kartofdan yüksək məhsuldarlıq əldə edirlər. Belə ki, Fransada 1 hektarın məhsuldarlığı 479 sentner, Hollandiyada 456 sentner, Almaniyada 474 sentner, Türkiyədə 321 sentner, Polşada 277 sentner, Belarusda 203 sentnerdir. Dünya üzrə orta göstərici isə 200 sentnerdi. Belə olan halda Azərbaycanda da məhsuldarlığı Türkiyə səviyyəsinə çatdırmaqla əkin sahəsini genişləndirmədən faraş kartof ixracını artırmaq olar. Kartofçuluqla yanaşı belə bir artıma ərzaqlıq bostan bitkilərinin istehsalında da nail olunmuşdur.

     

    Ərzaqlıq bostan bitkiləri ilə özünütəminetməyə necə nail olundu?

    Azərbaycan bostan məhsulları ilə özünü tam təmin edir və müstəqillik illərində bu sahədə ciddi irəliləyiş olmuşdur. Belə ki, 1995-ci ildə respublikada 41.9 min ton ərzaqlıq bostan bitkilərinin istehsal edilirdisə 2015-ci ildə bu rəqəm 484,5 min ton olmuşdur. Həmçinin müstəqillik illərində ərzaqlıq bostan bitkilərinin məhsuldarlığında 2 dəfədən də çox artıma nail olunmuşdur.

     

    Şəkil 2. Ərzaqlıq bostan bitkilərinin istehsal dinamikası (min ton)

     

    Bostan bitkiləri ilə yanaşı tərəvəz və meyvə istehsalında da bu artım yaşanmışdır. Belə ki, 1995-ci ildə respublikada 424.1 min ton tərəvəz istehsal olunduğu halda 2015-ci ildə bu rəqəm 1273,3 min ton təşkil etmişdir. Amma tərəvəz istehsalında məhsuldarlığın artımında ciddi irəliləyiş olmamışdır. Belə ki, pomidorun 1 hektara məhsuldarlığı Türkiyədə 380 sentner, Hollandiyada 4800, Almaniyada 2000, Fransada 1900 sentner, Belarusiyada 310 sentner olduğu halda respublikamızda 190 sentnerdi. Dünya üzrə orta göstərici isə 348 sentnerdir. Anoloji vəziyyət xiyarın məhsuldarlığı ilə bağlı da qeyd etmək olar. Xiyarın 1 hektara məhsuldarlığı Türkiyədə 278 sentner, Hollandiyada 6600, Almaniyada 800, Fransada 751 sentner, Belarusda 408 sentner olduğu halda respublikamızda 150 sentnerdi. Dünya üzrə orta göstərici isə 330 sentnerdir. Respublikamızda istixanaların inkişafı tərəvəzin məhsuldarlığının artmasına ciddi təsir göstərəcək. Məhsuldarlığın yüksəlməsi isə tərəvəz ixracının artması üçün böyük potensial yaradır. Onu da qeyd edək ki, qlobal ixracda  tərəvəzin və meyvənin çəkisi də kifayət qədər yüksəkdir.

     

    Məhsuldarlığın artırılması üstünlüyün əsas şərtidir

    Azərbaycanın kənd təsərrüfatı ixracında meyvə mühüm paya sahib olan məhsullardandır. Qarşıdakı müddətdə kənd təsərrüfatı istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilməklə yanaşı, məhsuldarlığın artırılması da əsas məqsədlərdən olmalıdır. Burada bir nüansı da qeyd edək ki, Azərbaycan ixracında özünəməxsus yeri olan fındıq və xurmanın (karalyok) məhsuldarlığı dünya üzrə orta məhsuldarlığa yaxındır və ya ondan çoxdur.

    Şəkil 3. Dünyada fındığın məhsuldarlığı (ha/sentner, 2013-cü il)

    Göründüyü kimi fındığın məhsuldarlığı dünya üzrə orta məhsuldarlığa yaxındır. Xurmanın məhsuldarlığına gəldikdə isə FAO-nun məlumatları onu göstərir ki, Azərbaycan bu sahədə dünya üzrə orta göstəricidən yüksək nəticə əldə edir və ilk sıralardadır.

    Şəkil 4. Dünyada xurmanın məhsuldarlığı (ha/sentner, 2013-cü il)

    Şübhəsiz ki, qarşıdakı illərdə də kənd təsərrüfatında istehsalın intensivləşdirilməsi vacibdir. Məhsuldarlıq göstəricilərinin yüksəlməsi isə birbaşa ixrac məhsullarımızın rəqabətqabliyyətinə təsir edəcəkdir. Bitkiçilik məhsullarının rəqabətqabliyyətinin  artırılması ixrac potensialını gücləndirməklə yanaşı, həm kənd təsərrüfatında çalışanların gəlirlərinin artmasına xidmət edəcək, həm də məşğulluqla bağlı problemlərin də həllinə təkan verəcəkdir.

     

    Kənd təsərrüfatının perspektiv istiqamətləri

    Son illərdə dünya aqrar inkişaf praktikasında təşəkkül tapmış ümumi qanunauyğunluqların, həmçinin Azərbaycanda uzun illər formalaşmış meyllərin əksinə olaraq, kənd təsərrüfatında işləyənlərin sayı və ümumi məşğulluqda payı artmaqdadır. Belə ki, 1995-ci ildə məşğul əhalinin 30,8%-i bu sahədə çalışırdısa, 2015-ci ilin əvvəlində həmin rəqəm 36.7 %-ə yüksəlmişdir. Şübhə yoxdur ki, yaxın gələcəkdə alternativ fəaliyyət sahələrinin yaradılması hesabına kənd təsərrüfatının məşğulluqdakı payında tədricən azalma müşahidə olunacaq. Amma hələ uzun müddət bu sektor ölkə iqtisadiyyatındakı mühüm mövqeyini qoruyacaq. Onun üçün də qarşıdakı illərdə kənd təsərrüfatı məhsullarının emal sahələrini inkişaf etdirmək, ticarət və təchizat məsələlərini təkmilləşdirmək, kənd təsərrüfatı istehsalçılarına xidmətlərin təşkili, əhalinin məşğulluğunun yüksəldilməsi və işsizliyin azaldılması, sosial və infrastruktur sahələri inkişaf etdirmək yolu ilə kəndlə şəhər arasındakı fərqləri aradan qaldırmaq istiqamətində fəaliyyət dərinləşdirilməlidir.

    Məhz Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli sərəncamı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı sənəd çərçivəsində kənd təsərrüfatının inkişafının prioritet elan olunması da bu məqsədə xidmət edəcəkdir. Bu, kənd təsərrüfatının dayanıqlı inkişafına nail olunmasının və onun rəqabətqabliyyətli sektora çevrilməsinin strateji hədəf olduğundan xəbər verir. Hədəfə nail olunması isə Azərbaycanda çoxsahəli kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmininə səbəb olacaqdır. Bütün bu qeyd olunan məsələlərin həlli respublikada rəqabətqabiliyyətli kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunun inkişafı üçün əlverişli mühit yaradacaqdır.

     
     
    Ramil Hüseyn, 
    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti, iqtisad üzrə fəlsəfə doktoru
     
     

    AzTv-nin Günün Nəbzi proqramı

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilmiş “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” konfransı AzTV-nin efirində

    Video arxiv