“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” açıqlanıb

  • A
  • A+
  • A-
  • Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi ölkədə informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişaf potensialının artırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, İKT xidmətlərinə olan tələbin daxili mənbələr hesabına effektiv qarşılanması və dövlət sektorunun fəaliyyətində İKT-nin tətbiqi ilə səmərəliliyin daha da artırılması məqsədilə telekommunikasiya sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb.  

     Strateji Yol Xəritəsinin hazırlanması zamanı qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan telekommunikasiyanın inkişafının dəstəklənməsi, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, beynəlxalq və yerli bazarlara yüksəkkeyfiyyətli və rəqabətədavamlı informasiya texnologiyaları məhsullarının çıxarılması, yüksək texnologiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi və bu sahədə fəaliyyət göstərən subyektlər arasında effektiv koordinasiyanın qurulması kimi prioritet istiqamətlər nəzərə alınıb. Sənəd telekommunikasiya sektorunun rəqabətqabiliyyətliliyi, innovativliyi, investisiya cəlbediciliyi və effektiv dövlət idarəetməsini dəstəkləməsi prinsipləri əsasında hazırlanıb. Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Strateji Yol Xəritəsində 2020-ci ilədək müəyyən edilmiş məqsədlərə çatmaq üçün 3 strateji hədəf və 10 prioritet müəyyən edilib. Strateji Yol Xəritəsində innovasiyaların tətbiqinin genişləndirilməsi üçün səmərəli mexanizmlərin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur. Azərbaycanın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə İKT-nin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Hazırkı güclü tərəf və imkanlarla Azərbaycanın 2025-ci ilədək telekommunikasiya sektorunun perspektivinə baxışı ölkənin telekommunikasiya və informasiya texnologiyaları infrastrukturunu gücləndirmək, bu sahədə göstərilən xidmətləri genişləndirmək və bütün tərəfləri bu xidmətlərdən istifadəyə təşviq etməkdən ibarətdir. Bu baxışın davamı kimi 2025-ci ildən sonrakı dövrdə gündəlik həyatda istifadə olunan xidmətlərin geniş tətbiqi nəticəsində regionun aparıcı texnologiyaəsaslı ölkəsinə çevrilmək əsas prioritetlərdən biridir. Bu məqsədlə, ölkədə, ilk növbədə, geniş əhatə dairəsinə malik yüksəksürətli genişzolaqlı infrastrukturun inkişaf etdirilməsi planlaşdırılır. Bu məqsədə nail olmaq üçün 2020-ci ilədək aşağıda göstərilən üç strateji hədəfə çatmaq planlaşdırılır:

     ● idarəetmə strukturlarının təkmilləşdirilməsi və İKT-nin gücləndirilməsi;

    ● sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması;

    ● hökumətin və sosial mühitin rəqəmsallaşdırılması.

     Eyni zamanda, rabitə əlaqələrinin inkişaf etdirilməsi, dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşdırılması, internetdən istifadənin genişləndirilməsi və özəl sektorun iştirakına təkan verilməsi məqsədilə normativ hüquqi baza təkmilləşdiriləcəkdir. Bu məqsədlə, şəffaf və səmərəli milli tezlik bölgüsünün aparılması, milli tezlik spektrinin effektiv idarə edilməsi, bazar subyektləri arasında münasibətlərin səmərəli təşkil olunması və rəqabət mühitinin daha da artırılması, telekommunikasiya sektoruna investisiya qoyuluşlarının stimullaşdırılması, xidmət keyfiyyətinə nəzarət edilməsi və istehlakçıların maraqlarının qorunması kimi məsələləri tənzimləyəcək tənzimləyici qurumun yaradılması məsələsinə baxılacaqdır. Tənzimləyici orqan ən uyğun fiber-optik şəbəkənin tətbiqi modelini müəyyən edərək beynəlxalq çıxışı gücləndirmək üçün şlüzləri rəqabətə açmağı hədəfləyən aydın və ortamüddətli tənzimləyici tədbirlər planının işlənib hazırlanmasını nəzərdən keçirəcəklər. Ölkə üzrə daha səmərəli əhatə dairəsi və yüksəkkeyfiyyətli xidmətlərə nail olmaq məqsədilə tənzimləyici orqan yeni genişzolaqlı ötürücü şəbəkə texnologiyalarına spektrlərin (tezliklərin) ayrılmasına nəzarət edəcəkdir. Azərbaycan üzrə genişzolaqlı infrastrukturun əhatə dairəsinin genişləndirilməsi ilə bağlı yeni tələblər nəzərdən keçiriləcəkdir. Daxili bazar qiymətləndiriləcək və başqa ölkələrin təcrübələri təhlil ediləcəkdir. Ölkənin tranzit informasiya məkanına çevrilməsi və Azərbaycan Respublikasının ərazisindən keçməklə Şərqlə Qərb arasında informasiya axınının təmin edilməsi məqsədilə “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir. 2020-ci ilədək olan dövr üçün strateji hədəfə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 235 milyon manat artacağı və 1450 yeni iş yerinin yaranacağı proqnozlaşdırılır. Bu təsirin reallaşdırılması üçün Azərbaycana potensial olaraq 585 milyon manat investisiya qoyuluşu tələb olunur ki, bu da dövlət-özəl tərəfdaşlığı hesabına təmin ediləcəkdir. 

    http://president.az/articles/22382


    AzTv-nin Günün Nəbzi proqramı

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilmiş “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” konfransı AzTV-nin efirində

    Video arxiv