“Azərbaycan Sənaye Korporasiyası” ASC yaradıldı

  • A
  • A+
  • A-
  • Azərbaycan Respublikası Prezidenti İlham Əliyev səhmləri dövlətə məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb.

     Fərmanın imzalanmasında məqsəd  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanın tətbiqi ilə əlaqədar dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaqdır.

     Qeyd edək ki, ölkədə iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli və dayanıqlı inkişafını təmin etmək dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb. Sənaye məhsulları istehsalının həcmi xeyli artıb.

      Uğurlu inkişafın təmin edilməsi üçün növbəti dövrlərdə də, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balansına götürülən əmlakın daha səmərəli idarə olunması zəruridir.

    Bu məqsədlə yaradılan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin strukturu da təsdiq edilib. Belə ki Azərbaycan Sənaye Korporasiyası” ASC-nin 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirov “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib. Açıq Səhimdar Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirəcək. Baş direktorun istehsal və xidmət sahələri, strateji planlaşdırma və inkişaf məsələləri, maliyyə məsələləri və digər korporativ xidmətlər üzrə müavinləri olacaq.

      Prezident İlham Əliyevin imzaladığı Fərmanda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  nizamnamə kapitalı ilə bağlı müddəa da var. Belə ki, Fərmana əsasən “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilən, onun mülkiyyətində olan əmlak “ASK” ASC-nin mülkiyyətinə veriləcək.

     Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bir ay müddətində “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə edilən, onun mülkiyyətində olan və “ASK” ASC-nin balansına veriləcək dövlət əmlakının siyahısı və həmin əmlakın ötürülməsi və idarəetməyə verilməsi mexanizmlərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

     Azərbaycan Respublikasının Nazirlər Kabineti və  Ədliyyə Nazirliyinə bu Fərmandan irəli gələn tapşırıqlar verilib.  

     


    Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in meneceri Nicat Hacızadə

    Dünya Bankı tərəfində hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv