Bakıda Korporativ İdarəetmə üzrə təlim-seminar keçirilib

  • A
  • A+
  • A-
  • İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİKTM) dünyanın aparıcı audit şirkətlərindən olan KPMG ilə birgə Korporativ İdarəetmə üzrə təlim-seminar keçirib.

    Seminarda, korporativ idarəetmənin inkişafı, aktuallığı, standartları və əsas prinsipləri üzrə beynəlxalq təcrübəyə baxılıb və bu istiqamətdə müzakirələr aparılıb. Effektiv korporativ idarəetmənin əsas elementləri, yəni yetkinlik səviyyəsi, müşahidə (direktorlar) şurası və idarə heyətinin səlahiyyətləri ətraflı təhlil olunub, korporativ idarəetmənin təkmilləşdirilməsi və həyata keçirilməsi barədə danışılıb. Bununla yanaşı, seminar iştirakçılarına  daxili audit, daxili nəzarət, risklərin idarə olunması sistemləri, və dayanıqlı inkişafın təmin olunması barədə ətraflı məlumat verilib.

    Qeyd edək ki, seminarın reallaşması Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 5 sentyabr tarixli “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı tələblərindən irəli gələn tapşırıqların həyata keçirilməsi məqsədi daşıyır.

    Təlim-seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açılış nitqi ilə çıxış edib.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, KPMG-nin nüfuzlu ekspertlərinin iştirakı ilə belə bir seminarda iştirak dövlət qurumları və şirkətlərin nümayəndələrinə imkan verir ki, əldə etdikləri yeniliklər vasitəsi ilə öz işlərini daha da səmərəli və effektiv yerinə yetirsinlər. Bununla da qurumların xidmətlərindən istifadə edən əhali qruplarının məmnunluğu daha da artacaq.

    KPMG Azərbaycan ofisinin idarəçi partnyoru Vüqar Əliyev korporativ idarəetmə prinsiplərinin şirkət üçün əsas strateji istiqamətlərdən biri olduğunu vurğulayıb. O, Azərbaycanda özəl və dövlət şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi istiqamətində müxtəlif sahələrdə geniş əməkdaşlığın aparıldığını təlim iştirakçılarının nəzərinə çatdırıb. İdarəçi partnyor növbəti illərdə də bu istiqamətdə əməkdaşlıqların inkişaf etdirilməsinin şirkətin əsas prioritet sahələrindən biri olacağını qeyd edib.

    Ödənişsiz təşkil olunan təlim-seminarda İqtisadiyyat Nazirliyi, Milli Elmlər Akademiyası, Dövlət Neft Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Aztelekom MMC, Dənizkənarı Bulvar İdarəsi kimi qurumların səlahiyyətli nümayəndələri iştirak edib.

    2 gün davam edən təlimin sonunda iştirakçılara İİTKM və KPMG–nin birgə sertifikatları təqdim olunacaq.

     


    Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in meneceri Nicat Hacızadə

    Dünya Bankı tərəfində hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv