“Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” təsdiqləndi

  • A
  • A+
  • A-
  • Prezident İlham Əliyev “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında fərman imzalayıb.

    Fərmanda Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri üç ay müddətində hazırlayıb prezidentinə təqdim etmək tapşırılıb.

    Qeyd edək ki, “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmaları və borcalmanın yuxarı həddinin müəyyənləşdirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

    Təsdiqlənən Qayda paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan bankların, bank olmayan kredit təşkilatlarının və sığorta şirkətlərinin borcalmasına şamil olunmur.

    Qaydada dövlətə məxsus olan hüquqi şəxslər dedikdə, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxslər, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.

    Qaydada borcalma dedikdə dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borcalma, qiymətli kağızlarla əqdlər üzrə borcalma, üçüncü şəxslərin öhdəliklərinin təmin edilməsinə dair verilmiş zəmanət üzrə borcalma, lizinq müqaviləsinin öhdəlikləri üzrə borcalma, mal, iş və xidmətlər şəklində borcalma nəzərdə tutulur.

    Yeni qaydalara əsasən, dövlətə məxsus olan hüquqi şəxslər cari il iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Maliyyə Nazirliyinə təqdim etməlidir. Qaydaya görə, Maliyyə Nazirliyi  30 gün ərzində borcalma niyyəti barədə müraciətləri təhlil edir və bu borcalmaların ümumi məbləğinin ölkənin növbəti il üzrə proqnozlaşdırılan makroiqtisadi və digər maliyyə və borc dayanıqlığı göstəricilərini, o cümlədən ümumi daxili məhsula nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti, valyuta məzənnəsini nəzərə alaraq, borcalmanın yuxarı həddinə dair təkliflərini hazırlamalı və borcalmanın yuxarı həddində nəzərə alınan investisiya layihələrini İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Nazirlər Kabinetinə təqdim etməlidir.

    Nazirlər Kabineti isə Azərbaycan Prezidenti ilə razılaşdırmaqla cari il sentyabrın 15-dək növbəti il üçün dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının yuxarı həddini müəyyən etməlidir. Borcalmanın yuxarı həddi Azərbaycan Respublikasının milli valyutası ilə müəyyənləşdirilir.

    Qaydaya əsasən, Maliyyə Nazirliyi hər il yanvarın 30-dək dövlətə məxsus olan hüquqi şəxslərin əvvəlki il üzrə borcalmaları və borcalmanın yuxarı həddinə əməl edilməsi vəziyyəti barədə məlumatları Nazirlər Kabinetinə təqdim etməlidir.

    Dövlətə məxsus olan hüquqi şəxs isə borcalma həyata keçirilməzdən əvvəl Maliyyə Nazirliyinə borcalmanın zəruriliyini və məqsədəuyğunluğunu əsaslandırmaqla yazılı müraciət etməlidir. Müraciətlə birlikdə, borcalmaya səbəb olan layihə və ya tədbirin texniki-iqtisadi əsaslandırılması, borcalma investisiya layihəsi ilə bağlı həyata keçirildikdə İqtisadiyyat Nazirliyinin müsbət rəyi, dövlətə məxsus olan hüquqi şəxsin müraciət olunan il üçün müvafiq qaydada təsdiq edilmiş gəlir və xərclər smetasının ilkin göstəriciləri, “Mühasibat uçotu haqqında” qanununun tələblərinə uyğun olaraq, son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyi, dövlətə məxsus olan hüquqi şəxsin kredit təşkilatlarına borcları barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış və ya kredit bürosundan müvafiq kredit tarixçəsindən kredit hesabatı, həmçinin digər borcları haqqında məlumat da aidiyyatı üzrə təqdim olunmalıdır.

    Qeyd edək ki, Maliyyə Nazirliyi borcalmaya razılıq verilməsi ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsdən təqdim edilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb edə bilər. Maliyyə Nazirliyi dövlətə məxsus olan hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətə 30 gündən gec olmayaraq baxmalı, borcalmaya razılıq verilməsi və ya ondan imtina barədə qərar qəbul etməli və bununla bağlı həmin hüquqi şəxsə yazılı məlumat verməlidir. Borcalmaya razılıq verilməsindən imtina edildikdə imtinanın səbəbləri məlumatda göstərilməlidir.

    Dövlətə məxsus olan hüquqi şəxs borc müqaviləsi imzalandıqdan sonra, 3 iş günündən gec olmayaraq, bu barədə Maliyyə Nazirliyinə, investisiya layihələri üzrə eyni zamanda İqtisadiyyat nazirliyinə məlumat verməlidir.

    Qeyd edək ki, dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasına razılıq verilməsi onun borcalma üzrə öhdəliklərinə dövlət zəmanəti verilməsi kimi qəbul edilə bilməz.


    Azexport vasitəsi ilə ilk dəfə qeyri- ənənəvi sahələrə məxsus məhsullar satışa çıxarılıb

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov LİDER TV-nin "Economics" verilişinin canlı yayımında son statistik rəqəmləri açıqlayıb

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov

    Video arxiv