Gəncədə “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib

  • A
  • A+
  • A-
  • Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda Gəncədə keçirdiyi regional ictimai müzakirədə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan 300-dən artıq sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və abidə önünə gül dəstəsi qoyublar.
     Müzakirələr zamanı Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuzdan gələn qonaqları Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev salamlayib. Daha sonra Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı tədbirin moderatoru qismində müzakirənin əsas məqsədi barədə danışıb və çıxış üçün sözü Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılova verib.
       Elxan Mikayılov bildirib ki, son illər Azərbaycanda dərin iqtisadi islahatlar aparılır. Bu dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Strateji Yol Xəritələri hazırlanıb, biznes mühitinin əlverişliyinin artırılması ilə bağlı geniş tədbirlər planı hazırlanıb, eyni zamanda makroiqtisadi sabitliyin təmin edilməsi, biznes mühitin təkmilləşdirilməsi, təşviq və imtiyaz mexanizmlərinin tətbiqi, sosial rifahın yaxşılaşdırılması, maliyyə -bank sisteminin sağlamlaşdırılması ilə bağlı onlarla islahat həyata keçirilib. Qeyd edilən rəsmi sənədlərin hər birinin hazırlanması zamanı regionlarda sahibkarların fikirləri, təklifləri öyrənilib. “Strateji Yol Xəritələrinin bütün xalqın və xalqı təmsil edən bütün tərəflərin maraqlarını ifadə edən bir sənədin olması təmin edilib. Görülən işlər nəticəsində 2017-ci ildə makroiqtisadi sabitlik bərqərar olunub, qeyri-neft ÜDM-i 2.8 faiz, ixrac 30 faizədək, valyuta ehtiyatları 4.5 milyard artıb, tədiyyə balansının müsbət saldosu 2 milyarda çatıb. Növbəti il Azərbaycanda artıq sürətli inkişaf dövrü kimi yadda qalacaq. ”

      Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə əlavə edib ki, Azərbaycanın sürətli inkişafında bölgələrin hər bir rayonu üçün spesifik istehsal sahələri yaradılır. Məhz strateji yol xəritələrində də bu regionda istehsal potensialının tam reallaşdırılması və dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaqla bağlı tədbirlər öz əksini tapıb. İcraçı direktor deyib ki, Gəncə-Qazax iqtisadi rayonu iqtisadi əhəmiyyətinə görə ölkədə ikinci yeri tutur. Çünki Gəncə, Qazax və Ağstafa - əsas nəqliyyat qovşaqlarıdır. Bu region Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən dəmir və avtomobil yolları üzərində yerləşir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev də Gəncə şəhəri və ətraf rayonların iqtisadiyyatının yüksəlməsinə xüsusi qayğı göstərir

     Azərbaycan Milli Məclisinin deputatı Musa Quliyev öz çıxışında ötən dövrdə xüsusi ilə Azərbaycanın bölgələrində iqtisadi və sosial inkişafın ən yüksək səviyyədə təmin olunduğunu bildirib. “Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, beynəlxalq reytinqlərdə irəliləməsi də cənab Prezidentin apardığı siyasətin doğruluğunu bir daha təsdiq edir. Gəncə-Qazax bölgəsi Azərbaycanın inkişafında xüsusi rol oynayır. Ona görə də bu bölgənin inkişafının sürətləndirilməsi, hədəflərə çatmaq üçün zəruri tədbirlərin görülməsi diqqət mərkəzindədir.” Musa Quliyev həmçinin vurğulayıb ki, Azərbaycanın şaxələndirilmiş iqtisadi siyasəti öz bəhrələrini verməkdədir.

    Bundan sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn "Azərbaycan Respublikasında iqtisadi islahatlar: Gəncə - Qazax iqtisadi rayonunun inkişaf perspektivləri" mövzusunda prezentasiya təqdim edib.Ramil Hüseyn qeyd edib ki, ölkə əhalisinin 13,6%-nin yaşadığı Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatının, sənayenin, turizmin inkişafı diqqət mərkəzindədir. Bu regionda kənd təsərrürfatı ilə yanaşı turizmin, maşınqayırma sənayesinin, qara və əlvan metallurgiyanın inkişaf etdirilməsinin böyük potensialı var.

    Müzakirələrdə İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov, Vergilər nazirliyinin12 saylı ərazi Vergilər Departamentinin Baş direktorunun müavini, iqtisadi təhlil şöbəsinin rəhbəri Pərviz İsmayılov və Kənd Təsərrüfatı nazirliyinin regional nümayəndələri iştirak edib.
        İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov tədbir iştirakçılarına təmsil etdiyi qurumun gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və Gəncə-Qazax bölgəsi üzrə əldə edilmiş nəticələr” mövzusunda təqdimat edib.
      Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib.

     Müzakirələr “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələr ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək məqsədi ilə keçirilir.

     Qeyd edək ki, iqtisadi islahat prosesi ilə bağlı regional müzakirələr Azərbaycanın bütün bölgələrini əhatə edir.

     


    Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in meneceri Nicat Hacızadə

    Dünya Bankı tərəfində hazırlanan "Doing Business 2018" hesabatının açıqlanması ilə bağlı..

    İİTKM-in icraçı direktoru Vüsal Qasımlı

    Video arxiv