Yol Xəritəsinin "Qızıl qaydaları"

  • A
  • A+
  • A-
  • İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin İcraçı direktoru, Dr.Vüsal Qasımlı yaxın illərdə iqtisadiyyatda nələrin baş verə biləcəyini “Region Plus”a açıqlayıb

     

    Strateji Yol Xəritələrinin qəbulu Azərbaycanda tamamilə yeni bir inkişaf modelinin tətbiqnə start verdi. Bundan öncə, iqtisadiyyatın inkişafı dövlət proqramları əsasinda aparılırdı. Yeni modelə keçid hansı zəruriyyətdən yarandı və niyə məhz “yol xəritələri”nə üstünlük verildi? 

    - Əvvəla, onu qeyd edim ki, mövcud inkişaf modelinin memarı Ümummilli Lider Heydər Əliyev tərəfindən ictimai-siyasi və makroiqtisadi sabitlik təmin edilməklə, iriçaplı neft gəlirləri iqtisadi və sosial infrastrukturun yaxşılaşdırılmasına, bazar münasibətlərinin dərinləşdirilməsinə, yoxsulluğun azaldılmasına, iqtisadi təhlükəsizliyin təmin olunmasına və dövlət quruculuğunun gücləndirilməsinə yönəldildi.Bu model sayəsində orta təbəqəni formalaşdırdıq və rombşəkilli cəmiyyət yarandı: yəni ortada böyük orta sinif, rombun yuxarısında nisbətən azsaylı varlılar, aşağısında isə 5 faiz kasıblar. Tarazlaşdırıcı orta təbəqə sosial-iqtisadi və siyasi sabitliyin əsas qarantı rolunda çıxış etdi ki,bu da bizi digər, piramida quruluşlu Yaxın Şərq ölkələrindən fərqləndirdi.

    İqtisadi təhlükəsizliyə gəlincə isə, burada biz dörd əsas komponent üzrə nailiyyət əldə edə bildik. Bu, enerji təhlükəsizliyi, maliyyə təhlükəsizliyi (bizim strateji valyuta ehtiyatlarımız ÜDM-dən çoxdur), ərzaq təhlükəsizliyi və nəhayət, nəqliyyat-logistika təhlükəsizliyi (Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində şaxələndirilmiş imkanları var) idi.

    Amma bu,resursa dayanıqlı bir model idi və dünya bazarlarında neftin qiymətinin kəskin azalması yeni modelə keçid zərurətini yaratdı. Bizim qarşımızda seçim var idi: əmək intensivliyinə hesablanmış iqtisadi model, məhsuldarlıq əsaslı model və innovasiya əsaslı model. Biz düşündük ki, Azərbaycanın innovasiya əsaslı modelə keçidi hələ tez olar, ona görə seçim ilk iki modelin üzərində dayandı. Srtateji “Yol xəritəsi”ndə biz qısa (2020-ci ilədək) və ortamüddətli dönəm (2025-ci ilədək) üçün bu modellərin kombinasiyasını verə bildik. Amma xəritədə göstərilən 2025-ci ildən sonraya strateji baxış innovasiya əsaslı modelə keçidi nəzərdə tutur. Müqaysə aparsaq, qısa və ortamüddətli dönəmdə bizim model daha çox Malaziya modelinə bənzəyəcək, hərçənd bu, bizim özümüzə məxsus bir modeldir. 2025-ci ilvə ondan sonrakı perspektivdəisəbu daha çox İsrail, Cənubi Koreya, Sinqapur modellərinəoxşar olacaq.

    Niyə biz proqram yox, strategiya qəbul etdik? Proqram, adətən, bir modelin tərkibində hansısa məqsədə çamaq üçün həyata keçirilir. Əgər biz resursa əsaslanan modeldən məhsuldarlığa dayanan modelə keçiriksə, artıq bu bir proqram çərçivəsinə sığışmır. Bunu nəzərə alaraq cənab Prezident İlham Əliyevin 16 mart 2016-cı il tarixli Sərəncamı ilə Strateji Yol Xəritəsinin əsas istiqamətlər üzrə tərtibi həyata keçirildi.

    - Bəs hazırda qüvvədə olan proqramların aqıbəti necə olacaq?

    - Bilirsiniz, Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi islahat prosesnin bir tərkib hissəsi kimi dizayn olundu, ona görə indiyədək başlanılmış işlər davam etdiriləcəkdir. Amma bundan sonra Azərbaycanda iqtisadiyyat üzrə qəbul olunacaq bütün dövlət təşəbbüsləri, strategiyalar, proqramlar Strateji Yol Xəritəsinə uyğunlaşdırılacaq. Bu, bir çərçivə sənədidir;məsələn,xəritədə11 sektordan ibarətüfüqi, yəni sektoral yanaşmadan əlavə 4 şaquli, yəni funksional yanaşmada nəzərdə tutulub: fiskal və monetar siyasət, insan kapitalının inkişafı, dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşməsi və dördüncü istiqamət biznes mühitinin yaxşılaşdırılması.

    - Sadaladığınız funksional istiqamətlərdən biri fiskal və monetar siyasətin kombinasiyasıdır ki, bu mövzuda cəmiyyət üçün ən maraqlı ola biləcək yenilik “qızıl qayda”nın tətbiqidir. Bunun mahiyyəti nədən ibarətdir?

    - Bilirsiniz ki, əvvəlki modeləuyğun olaraq dövlət fiskal genişlənmə nəticəsində infrastruktur yaratdı və sosial rifahı yaxşılaşdırdı. “Qızıl qayda”nın mahiyyəti isə odur ki, artıq bu infrastruktur varsa və dövlətin maliyyə imkanları azalıbsa, dövlət fiskal ekspansiyanı davamlı şəkildə apara bilməz və onu yığcamlaşdırmalıdır. Əvəzində dövlət katalizator rolunda çıxış edib özəl sektoru investisiya qoyuluşuna stimullaşdırmalıdır. Yəni dövlətin addım-addım geri çəkilməsi nəticəsində yaranan boşluğu özəl investisiya doldurmalıdır. Amma şübhəsiz ki, bu keçidin əhaliyə mənfi təsirinin qarşısının alınması şərtdir. Fiskal çərçivənin müəyyənləşdirilməsi, fiskal məsuliyyətin və səmərəliliyin artırılması, nəticəyə hesablanmış büdcə siyasətinə keçid və bütövlükdə ortamüddətli xərclər strategiyasının reallaşdırılması nəzərdə tutulur.

    - Monetar siyasət məsələsində isə ən maraq və mübahisə doğuran məsələ tam üzən məzənnəyə keçidlə bağlıdır. Bəzi ekspertlər Azərbaycanda maliyyə institutlarının zəif inkişafını nəzərə alaraq, bunun mümkünsüz olduğunu vurğulayırlar. Real olaraq bu keçid nə vaxt baş verə bilər?

    - Tam “üzən məzənnə”yə keçıd vacib və labüddür. Hazırda maliyyə sektoru ilə real sektor arasında pulun tarazlıq qiyməti yoxdur. Yəni maliyyə sektoru istəyir ki, pulu mümkün qədər baha satsın, real sektor isə istəyir ki, ucuz alsın. Bu vəziyyət manatın ucuzlaşması ilə bağlı güclü gözləntidən irəli gəlir–insanlarda bir əminlik var ki, manat sərbəst üzüb tarazlıq məzənnəsini tapmasa mütləq ucuzlaşacaq. Məhz buna görə hər iki tərəf – həm bank, həm də real sektor pulu xarici valyutaya çevirib saxlamağa üstünlük verir.

    “Üzən məzənnə”üçün digər bir çağırış isə ondan ibarətdir ki, Azərbaycanda böyük miqdarda yığım var – təxminən, 40 mlrd. dollara yaxın ölkənin strateji valyuta ehtiyatları, üstəlik ev təsərrüfatlarının, bankların və özəl sektorun yığımı birlikdə 100 mlrd. dollara yaxın bir məbləğ edir. Klassik iqtisadi nəzəriyyəyə görə, yığım investisiyaya bərabər olmalıdır. Bizdə isə bu iki komponent arasında sanki bir tıxac var. Bunun da səbəbi manatın ucuzlaşmasına dair gözləntidir. Tam “üzən məzənnə”yə keçməklə biz manatın real qiymətinin tapılmasına şahid olacağıq və bu gözlənti aradan qalxacaq.Manatın tarazlaşması real sektorla maliyyə sektoru arasındakı körpülərin bərpa olunmasına gətirəcək.

    - Bizim maliyyə institutlarının inkişafı bunu təmin etməyə imkan verirmi?

    - Bəli, məzənnənin ədalətli müəyyənləşməsi üçün ölkədə maliyyə alətlərinin inkişafı və maliyyə dərinliyinin artması vacibdir. Amma bu iki məsələ bir-birindən o qədər asılıdır ki, biz heç birinin inkişafını o birisinin bahasına həyata keçirə bilmərik. Yəni bu işin ikisi də paralel getməlidir. Bu baxımdan Strateji Yol Xəritəsində də qeyd olunub ki, biz ilk növbədə maliyyə-bank sektorunda likvidlik və kapitallaşma ilə bağlı problemlərin həllinə dəstək verməliyik. İkincisi, mailyyə-bank sektorunda risk menecmenti ilə bağlı məsələlər həllini tapmalıdır. Üçüncüsü, Beynəlxalq Bankın özəlləşdirilməsi təmin edilməlidir və bu məsələ 2017-ci il üçün gündəmdədir. Dördüncüsü, Əmanətlərin Sığortalanması Fondu ilə bağlı institusional irəliləyişin aparılması və nəhayət, ölkədə problemli aktivlərin idarə edilməsi ilə bağlı məsələlər öz həllini tapmalıdır. Bunlar qısa dönəm üçün nəzərdə tutulan işlərdir və bunların məntiqi sonluğu artıq üzən məzənnə rejimidir.

    Əgər məsələyə yaxın iqtisadi tarixdən baxsaq, Ukrayna və Qazaxıstan kimi ölkələr üzən məzənnəyə keçəndə iqtisadiyyatlarının durumu bizdəkindən heç də yaxşı deyildi. Əlbəttə, bu keçiddən sonra milli valyutanın müəyyən bir volotilliyi olur, amma getdikcə bu proses sönür və tarazlıq nöqtəsinə çatır. Ondan sonra hamı başa düşür ki, bu valyutanın real bazar qiymətidir. Bahadır, ya ucuz bu, artıq başqa məsələdir.

    - Bu işdə dövlətin rolu nədən ibarətdir?

    - Keçid dövründə dövlətin rolu əhalini, bankları və biznesi mənfi təsirlərdən qorumaqdan ibarətdir və mən düşünürəm ki, buna nail olunacaq. Hər halda,“üzən məzənnə”yə keçid vaxtını yubatsaq, sonra keçmək istəyəndə daha çətin şəraitlə üzləşəcəyik. Bilirsiniz, bu nəyə bənzəyir? Tutaq ki, bir insan xəstədir və ona ağrılı müalicə tələb olunur. Müalicənin vaxtını uzatdıqca xəstəlik daha da şiddətlənir və artıq müalicəyə başlamaq üçün mövqelər zəyifləyir. Yəni əgər biz resurs iqtisadiyyatından məhsuldarlığa əsaslanan iqtisadi modelə keçiriksə, bunu bütün spektr üzrə keçid etməliyik. Yəni fiskal siyasəti, biznes mühitini dəyişib, məzənnə siyasətini əvvəlki kimi saxlaya bilmərik. Bu, çox pis nəticə verə bilər. Ona görə də bizim KİV-lər, ictimai fikir liderləri bu məsələdə daha obyektiv mövqedə durub, ajiotaj yaratmamağa çalışmalıdır.

    Bir maraqlı məqamı da vurğulamaq istəyirəm. Biz inflyasiyanı modelləşdirmişik və müəyyən etmişik ki, Azərbaycanda qiymət artımına nə qədər obyektiv amillər təsir edirsə, ondan da çox psixoloji təsir var. Yəni insanların gözləntilərini müsbət məcraya yönəldilməsi çox vacibdir.

    Yeri gəlmişkən bir məsələni də qeyd edim ki, fiskal və monetar siyasət iqtisadiyyatı sabitləşdirmək üçün dövlətin əlində əsas alətdir. Amma bu qısa müddətli dönəmdə təsir edə bilər. Bunun uzunmüddətli nəticəyə keçməsi üçün mütləq biznes mühiti yaxşılaşdırılmalıdır ki, fiskal siyasət nəticəsində iqtisadiyyata verilən siqnallar müsbət qarşılansın. Biznes mühitinin yaradılması ilə bərabər isə biz həm də iqtisadiyyatdakı yeni çağırışlara cavab verən insan kapitalını inkişaf etdirməliyik.

    Yəni bizdə insan kapitalı zəif inkişaf edib?

    - Mənim fikrimcə, indi biz bilik iqtisadiyyatı yox, səriştə iqtisadiyyatı qurmalıyıq;məsələn, indi Sinqapurun orta məktəblərində iki əsas fənn tədris edilir- riyaziyyat və xarici dil. Bu yanaşmanı, hətta London məktəbləri də təsbit edir. Yəni insan kapitalının inkişafı səriştə üzərində qurulub. Bizə də indi səriştəli insan resursları lazımdır. Bir modeldən o birinə keçid bunu tələb edir.

    İndiyədək qeyri-ticarı sektora, məsələn tikintiyə, 600 min nəfər işçi qüvvəsi cəlb olunmuşdu. Amma indi dövlət investisiyaları azalıb və biz ticari sahələri inkişaf etdirəcəyik və işçi qüvvəsi də buna hazır olmalıdır. Əlbəttə, buna illər lazımdır və iqtisadiyyat tarixində hələ qısamüddətli və ağrısız keçıd olmayıb; məsələn, Yaponiya və Koreya iqtisadiyyatı innovativ inkişaf modelinin bariz nümunəsidir, amma hər ikisi üçün indi əhəmiyyətli olan avtomobil sənayesini qurmaq üçün 30 il vaxt tələb olunub. Və yaxud götürək, neft gəlirlərinin istifadəsinin ən uğurlu strategiyasına malik Norveçi. Bu nəticəni əldə edənə qədər orada iki dəfə- ötən əsrin 70-ci və 90-cı illərində - mühüm səhvə yol verdi. Azərbaycanda yeni iqtisadi modelə keçid mərhələli olacaq və müəyyən müddəti əhatə edəcək.

    - Dediniz ki, ticari sektorları inkişaf etdirəcəyik. Bunun üçün bazarımız varmı?

    - Biz Strateji Yol Xəritəsində maraqlı bir məqamı göstərdik: Azərbaycanın əhatəsində toplam ÜDM 3 trln. dollara və əhalisi 300 mln. nəfərə çatan üç böyük bazar var – Rusiya, Türkiyə, İran. Radiusu biraz da genişləndirsək, daha böyük bazara – Çin, Avropa İttifaqı və Körfəz ölkələrinə çıxa bilərik. Bu bazarın ümumi həcmi artıq 30 trln. dollardır. Bu bazarlara çıxmaq da bizim üçün çətin deyil, çünki Azərbaycanla bu istiqamətlərin hər birinin arasında cəmi bir ölkə var. Çinlə bizi yalnız Qazaxıstan, Avropa İttifaqı ilə Gürcüstan, Körfəz ölkələri ilə isə İran ayırır. Yəni coğrafi mövqeyimiz son dərəcə əlverişlidir.

    Amma bu bazarların hər birinin öz standartları var və onların çoxu, xüsusən də Avropa İttifaqı və Avrasiya İttifaqı bazarları Ümumdünya Ticarət Təşkilatının standartlarına uyğunlaşıb. Biz də məhsul standartlarımızı ona uyğun yüksəltməliyik. Bizim burda bir mühüm üstünlüyümüz ondan ibarətdir ki, əvvəlki model çərçivəsində biz yaxşı şaxələndirilmiş nəqliyyat-logistika infrastrukturunu qura bildik. Azərbaycan dünyada yeganə ölkədir ki, ərazisi balaca və okeana çıxışı olmasın, amma kommunikasiya xabına çevrilmək iddiası olsun və bunu gerçəkləşdirə bilsin.

    - Yəni bizim məhsulumuzu bazarlara çıxarmaq üçün elə də ciddi problemimiz yoxdur?

    - Elədir. Amma burada bir mühüm məqam da var. Hazırda dünyada ölkələr qlobal dəyər zəncirlərinə qoşulmasına daha çox önəm verirlər. Bu nə deməkdir? Bu gün dünya ticarətinin 80% aparıcı şirkətlərin bölmələri arasında mövcud ticarətdən asılıdır; məsələn,“Apple”şirkətinin özünün məşhur məhsullarının hissələrini müxtəlif ölkələrdə hazırladır. Yəni heç bir iqtisadiyyat bütün növ məhsulların mükəmməl dərəcədə istehsalını təmin edə bilməz. Xüsusən də Azərbaycan kimi kiçik bir ölkə. Bu baxımdan,ixtisaslaşma çox vacib bir amildir. Yəni biz qlobal dəyər zəncirlərində öz yerimizi tapıb, üstün olduğumuz məcrada fokuslaşmalıyıq. Biz o qədər böyük deyil ki, geniş spektrdə şaxələnək, əksinə rəqabət üstünlüyü olan sahələrdə fokuslaşmağımız lazımdır ki, resurslarımızı konkret istiqamətdə mobilizasiya edək;məsələn, eyni yolu Kosta-Rika, Malayziya kimi dövlətlər də keçib –iri dünya şirkətləri üçün kiçik bir detalların istehsalından başlayan bu ölkələr, sonda yüksək texnologiyalar sahəsində mühüm nailiyyətlərə qədər inkişaf ediblər.

    - Belə bir dəyər zənciri Sovet İttifaqı dönəmində də mövcud idi, yəni sizin fikrinizcə, Azərbaycan üçün ənənəvi təcrübəyə qayıtmaq effektiv olardı, yoxsa yeni dəyər zəncirlərində yerini tapmaq?

    - Digər ölkələrin təcrübəsini nəzərə alsaq, hər iki yol məqbuldur. Yəni yeni sahə axtarışına çıxan iqtisadiyyatların heç biri özünün ənənəvi gəlir mənbələrindən imtina etməyib;məsələn, Malayziya yüksək texnologiya məhsulu ilə yanaşı, həm də ənənəvi palma yağı ixracına malikdir. Və yaxud Çili qeyri-orqanik məhsullarla yanaşı, həm də ənənəvi olaraq balıq ixrac edir. Qlobal dəyər zəncirlərinə qoşulma rəqabətə davamlılıq prinsipinə əsaslanmalıdır. Daha sonra bazarlara çıxış və ölkənin nəqliyyat-logistika imkanları, geoiqtisadi mövqeləri, siyasi kursu və s. mühüm məsələlər nəzərə alınmalıdır ki, Strateji Yol Xəritəsində biz bunlara aydınlıq gətirməyə çalışmışıq və mərhələ-mərhələ daha da dəqiqləşdirəcəyik. Onu da qeyd edim ki, XİX əsrdən bəri Azərbaycan bir neçə dəfə sənayeləşmə imkanlarını yüksək səviyyədə nümayiş etdirib və mən əminəm ki, yenə də edəcək.

    - Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi dərc edildikdən sonra, ən çox sual doğuran məqam sənəddə göstərilən planların icrası üçün tələb olunan 27 mlrd. manat məbləğdir. Sənəddə əsas mənbə kimi özəl investisiyalar göstərilsə də, bəzi ekspertlər bunun reallığına şübhə ilə yanaşdılar. İnvestisiya axınını təmin edən hansı amillər olacaq?

    - Əvvəla, onu qeyd edim ki, müstəqillik illərində ölkə iqtisadiyyatına 200 mlrd. dollara yaxın investisiya yatırılıb ki, məhz bunun sayəsində biz indi rahat şəkildə Strateji Yol Xəritəsinin implementasiyası barədə danışa bilirik. Sənəddə göstərilən 27 mlrd. manat müxtəlif mənbələrdən cəlb olunacaq –həm dövlət maliyyəsi, özəl sektorun iştirakı, beynəlxalq maliyyə qurumları, investisiya fondları tərəfindən cəlb ediləcək qrantlar, ianə fondları və s. Onu qeyd edim ki, Strateji Yol Xəritəsinin qəbulundan sonra, məni ilk görüşə dəvət edən Avropa İttifaqına üzv 20 ölkənin səfirləri oldu və onları maraqlandıran əsas məsələ Avropa investorlarının Azərbaycan iqtisadiyyatına qarşıdakı illərdə nə kimi töhfə verə biləcəyi idi.

    O ki qaldı investisiya axınının təmin olunmasına, bunun üçün hal-hazırda çox münbit şərait var.Əvvəla, dövlət investisiyalarının həcmi azaldıqca bu sahədə bir boşluq yaranacaq ki, bu özü özlüyündə cəlbedici məqamdır. Yəni, əvvəllər Azərbaycan iqtisadiyyatıın investisiya udma imkanlarını dövlətin infrastruktura yönəltdiyi sərmayə tam ödədiyinə görə iqtisadiyyatın özəl sərmayələri absorbasiya etmək, yəni mənimsəmək qabiliyyəti zəifləmişdi. Amma indi digər investorlar üçün yeni geniş imkanlar yaranır. Digər tərəfdən, manatın devalvasiyasından sonra ölkədə dollar ekvivalentində qiymətlər, işçi qüvvəsi, kommunal xidmətlər ucuzlaşıb. Digər stimullaşdırıcı məqam özəlləşmənin növbəti mərhələsinə start verilməsi və strateji əhəmiyyətli müəssisələrinin hərraca çıxarılmasıdır. Və əlbəttə ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün görülən tədbirlərin davamlılığı və effektivliyinin artırılması.

    Əminəm ki, növbəti Doing Busines hesabatında Azərbaycanın mövqeyi xeyli yaxşılaşacaq.

    - Bəs kiçik və orta sahibkarlığın lazımi dərəcədə inkişafı üçün daha hansı islahatlar təklif olunur?

    - Bildiyiniz kimi, Strateji Yol Xəritəsinin istiqamətlərindən biri də məhz bu sahəni əhatə edir və burada bir neçə məqam xüsusi vurğulanıb. İlk öncə onu qeyd edim ki, bu gün Azərbaycanda kiçik və orta sahibkarlıqla məşğul olan bir neçə qurum var ki, onların effektiv koordinasiyası təmin olunmalıdır. O ki qaldı hazırda aktual olan inhisarçılıq və rəqabət məsələlərinə, onlar çox qısa müddətdə Rəqabət Məcəlləsinin qəbulu ilə öz həllini tapacaq. Həmçinin “üzən məzənnə”yə keçid biznes üçün maliyyə resurslarına çıxışı asanlaşdıracaq.

    İndi banklarda bir «risk antipatiyası» mövcuddur ki, bu da qarşı tərəfə etimadın aşağı səviyyədə olmasından irəli gəlir. Amma qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional məsələnin həlli ilə bu maneələrin aradan qaldırılması mümkündür. Həmçinin Strateji Yol Xəritəsi çərçivəsində kreditlərin sığortalanması mexanizmi də nəzərdə tutulub.

    Daha bir vacib məsələ - kiçik və orta sahibkarlığın yerli və xarici bazarlara çıxışının asanlaşdırılmasıdır ki, məhz bu məqsədlə Prezident Ilham Əliyevin tapşırığına uyğun bizim Mərkəz www.azexport.az portalını yaratdı. Bu, sahibkarlar üçün asan və geniş bir satış platformadır. Portalın məlumat bazası“eBay”, “Alibaba”, “AllBiz” kimi dünyanın iri elektron ticarət resurslarının məlumat bazası ilə inteqrasiya edilib. DHL, FEDEX kimi daşıma şirkətləri, PayPal, 2Chekout kimi ödəmə sistemləri, Microsoft kimi elektronika nəhəngi və nəhayət BMT İnkişaf Proqramı Azexport.az-a dəstək verir. Həftənin 7 günü, 24 saat ərzində müxtəlif kommunikasiya vasitələri ilə müştərilərə xidmətlər təklif edilir. Biz həmçinin bəzi sahibkarlara, xüsusən də regionlardan olan iş adamlarına tərcümə xidməti də təklif etmişik. Əgər alıcı ilə satıcı arasında kommunikasiyada problem yaranarsa, sayta inteqrasiya edilmiş "skype" tərcümə xidməti vasitəsilə onlara kömək edilir. Yəni onun məhsulunun satılması üçün bütün şəraiti yaradılıb və bazarları maksimum yaxınlaşdırılıb. Qalır bircə düyməni basmaq. Azexport.az regionun Alibaba-sına çevrilə bilər.

    Ümumiyyətlə, mənim fikrimcə, postneft dövrünün başlanması Azərbaycan iqtisadiyyatına daha çox xeyir verəcək və yeni imkanlar üçün bir stimul olacaq. Bizim çətin ilimiz bu bir-iki ildir, amma bu da qaçılmazdır, əks halda iqtisadiyyatı bir relsin üzərindən başqasına keçirə bilmərik. Keçid dövrünün müvəqqəti çətinliklərindən sonrakı mərhələdə biz iqtisadiyyatın kəmiyyət və keyfiyyət baxımından davamlı yüksəlməsinin şahidi olacağıq.


    AzTv-nin Günün Nəbzi proqramı

    Azexport.az portalının rəhbəri Zaur Qardaşov

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilmiş “İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” konfransı AzTV-nin efirində

    Video arxiv